AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir (Audio/Video)


«Bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir Dekabrın 17-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi, müvafiq dövlət orqanları və biznes sektorunun nümayəndələri iştirak etmişlər. Mərasimi giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev xatırlatmışdır ki, Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, gələn ilin əvvəlindən respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi qərara alınmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur. Təqdimat mərasimini keçirməkdə də məqsəd sözügedən fərmanın icrası ilə əlaqədar görülən işlər, eləcə də «bir pəncərə» prinsipinin mahiyyəti barədə ictimaiyyətə ətraflı məlumat verməkdir. Komitə sədri qeyd etmişdir ki, bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrəti getdikcə güclənir, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşunun həcmi gündən-günə artır, ölkədə kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılır, regionların sosial-iqtisadi inkişafı sürətlənir. Şübhəsiz ki, bu göstəricilərə təsir edən əsas faktorlardan biri də iqtisadi islahatların davamlı olaraq aparılması və ticarətin liberallaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrdir. Hazırkı mərhələdə isə ticarət-iqtisadi münasibətlərin inkişafına bilavasitə xidmət göstərən amil ticarət prosedurlarının optimallaşdırılmasıdır. Bu məqsədlə, beynəlxalq miqyasda olduğu kimi, ölkəmizdə də xarici ticarət əlaqələrinin genişləndirilməsi və intensivləşdirilməsinə daha əlverişli şərait yaradılmasının təmin edilməsi üçün sərhəd keçid prosedurlarının sadələşdirilməsi, eləcə də təkmilləşdirilməsi məsələlərinə ciddi diqqət ayrılır və bu sahədə konkret layihələr həyata keçirilir. DGK sədri Aydın Əliyev vurğulamışdır ki, Azərbaycan Respublikası «İpək yolu»nun və şimal-cənub nəqliyyat dəhlizinin vacib hissəsi olduğu üçün dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması son dərəcə mühüm əhəmiyyət kəsb edir. «Bir pəncərə» prinsipinin tətbiqi haqqında dövlət başçısının fərmanında da məqsəd dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələri aradan qaldırmaq, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şərait yaratmaqdır. Fərmanın imzalandığı ötən müddət ərzində Komitədə xüsusi işçi qrup yaradılmış, müvafiq dövlət orqanları ilə birlikdə qüvvədə olan qanunvericilik aktlarının fərmana uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülmüş, təklif və rəylər Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Həmçinin dövlət sərhədlərində lazımi hazırlıq işləri aparılmışdır. Komitə sədri qeyd etmişdir ki, dövlət başçısının sözügedən fərmanına qədər sərhəd keçid məntəqələrində yüklər üzərində müxtəlif dövlət orqanları tərəfindən bir sıra nəzarət növləri (baytarlıq, fitosanitar, sanitariya nəzarəti) tətbiq olunur, bu isə, öz növbəsində, bəzi hallarda təkrarçılığa yol verilməklə sərhəd keçid prosedurları müddətini uzadır, nəzarət növlərinin həyata keçirilməsi məsələlərinin səmərəliliyinə təsir göstərir, nəqliyyat vasitələrinin boş dayanmasına gətirib çıxarır və nəticə etibarilə daşımalar üzrə xərclərin artmasına səbəb olurdu. Dövlət sərhədinin buraxılış məntəqələrində «bir pəncərə» prinsipini tətbiq etməklə, sərhəd keçid məntəqələrində nəzarət növlərini inteqrə edilmiş qaydada həyata keçirməklə sözügedən problemləri aradan qaldıraraq sərhəd keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi minimum vaxt limitlərinə riayət edilməsinə nail olmaq mümkündür. Artıq dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini gömrük orqanları həyata keçirəcək. Bununla əlaqədar, Dövlət Gömrük Komitəsinə - ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrinin baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilməsi, başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədilə müvafiq ərazi dövlət baytarlıq müfəttişinə məlumat verilməsi, eləcə də beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsi və buna görə «Dövlət rüsumu haqqında» qanunla müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması vəzifələri həvalə olunmuşdur. Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi mövzusunda təqdimatla çıxış etmişdir. Baş İdarənin rəisi bildirdi ki, bu gün ölkənin ticarət-iqtisadi əlaqələrinin genişlənməsinə davamlı dəstək vermək, mal dövriyyəsinin sürətləndirilməsinə əlverişli şərait yaratmaq, sərhəd keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi vasitəsilə dövlət və özəl sektorun imkanlarını genişləndirmək, nəqliyyat sektorunun inkişafına yardım göstərmək, tranzit potensialının artırılmasını stimullaşdırmaq və əhalinin rifah halını davamlı olaraq yaxşılaşdırmaq qarşıda duran ən mühüm vəzifələrdəndir. «Bir pəncərə» prinsipinin tətbiqi də bu işə öz töhfəsini verəcək və bu tədbirin həyata keçirilməsini dövlət sərhədinin buraxılış məntəqələrində nəzarət növlərinin əlaqələndirilməsi, təchizat zəncirinin təhlükəsizliyi və ticarətin asanlaşdırılmasının təmin edilməsi, sərhəd idarəçiliyində səmərəliliyin artırılması və sərhəd keçid prosedurlarına sərf olunan vaxtın minimuma endirilməsi kimi amillər zəruri edir. Şahin Bağırovun sözlərinə görə, indiyədək sözügedən sahədə nəzarət növlərinin həyata keçirilməsi zamanı təkrarçılığa yol verilməsi, həmin nəzarət növlərinin koordinasiyasının zəifliyi, eləcə də səlahiyyətlərin qeyri-müəyyən bölgüsü ciddi problem olaraq qalırdı. Həmçinin nəzarəti həyata keçirən xidmətlərin ayrı-ayrılıqda yerləşməsilə yanaşı, tələb olunan sənədlərin çoxluğu və sənədlərin formal yoxlanılması ilə əlaqədar yüklərin daşınmasında gecikmələr yaranırdı ki, bu da vaxt itkisinə gətirib çıxarırdı. Belə ki, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətini, həmçinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsini müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri, Səhiyyə və Nəqliyyat nazirlikləri həyata keçirirdilər. İndi isə dövlət sərhədində gömrük nəzarəti ilə yanaşı, sözügedən xidmətləri də bir orqan - Dövlət Gömrük Komitəsi yerinə yetirəcək. Əgər, əvvəl bütün bu nəzarət işlərinə 2-3 saat sərf olunurdusa, bundan sonra həmin işlər 20 dəqiqəyə yerinə yetiriləcək. Şahin Bağırov qeyd etmişdir ki, «bir pəncərə» prinsipi əsasında səlahiyyətlərin bir orqandan digərinə həvalə edilərək sərhəd keçid prosedurlarının daha da sadələşdirilməsi məsələsi beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilmiş və bu məsələ Azərbaycan Respublikasının iştirak etdiyi layihələr üzrə tövsiyələrdə də nəzərdə tutulur. Sözügedən vəzifələr Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramında və 2007-2011-ci illərdə ticarətə və nəqletməyə yardım üzrə GUAM Layihəsinin həyata keçirilməsinə dair Milli Planda da əksini tapıb. Nəhayət, Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli müvafiq fərmanı ilə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin 2009-cu il yanvarın 1-dən tətbiqi qərara alınıb. Baş İdarənin rəisi onu da nəzərə çatdırmışdır ki, bir sıra ölkələr artıq bu sahədə konkret addımlar atmış və digərləri isə inteqrasiya edilmiş işin həyata keçirilməsini planlaşdırırlar. Məsələn, ABŞ-in Gömrük Sərhəd Mühafizəsi Təşkilatı tərəfindən gömrük nəzarəti ilə yanaşı, baytarlıq və fitosanitar nəzarət növləri də həyata keçirilir. İsveç və Hollandiyada da bu təcrübədən istifadə olunur. Bizim regionda isə artıq Gürcüstanda baytarlıq və fitosanitar nəzarət növləri həmin ölkənin gömrük xidməti tərəfindən yerinə yetirilir. Eyni zamanda, Rusiya, Ukrayna, Moldova və Qazaxıstan hökumətləri də bu sahədə konkret addımların atılmasını planlaşdırırlar. «Bir pəncərə» prinsipinin tətbiqinin dövlət üçün üstünlüklərinə toxunan Şahin Bağırovun sözlərinə görə, bu tədbir nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə nail olunacaq. Bundan başqa, iqtisadi operatorlar və sahibkarlıq subyektləri tərəfindən tələblərə daha ciddi riayət ediləcək, sərhəd nəzarəti prosedurlarında şəffaflıq artırılacaq, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi təmin ediləcək. Yük daşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də deyilən üstünlüklərə aiddir. Özəl sektora gəlincə, Baş İdarənin rəisi bildirmişdir ki, «bir pəncərə» prinsipinin tətbiqi iqtisadi operator və sahibkarlıq subyektləri üçün resurslardan daha səmərəli istifadəyə, rəsmiləşdirmə müddətinin azaldılması nəticəsində yüklərin göndəriş və idxalına icazələrin alınması prosedurunun sürətlənməsinə, sərhəd keçid prosedurları ilə bağlı tələblər haqqında məlumatlılığın və şəffaflığın artırılmasına, eləcə də ticarət əlaqələrinin genişlənməsinə və mal dövriyyəsi üçün daha əlverişli şəraitin yaradılmasına imkan verəcək. Öz növbəsində, tədbirdə iştirak edən aidiyyəti dövlət orqanları və biznes sektorunun nümayəndələri də mərasimdə çıxış edərək «bir pəncərə» prinsipinin əhəmiyyəti və tətbiqi ilə əlaqədar rəy və təkliflərini söyləmiş, bu tədbirin həyata keçirilməsini ölkədə aparılan iqtisadi islahatların və sahibkarlığın inkişafına dəstəyin davamı kimi qiymətləndirmişlər. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi nəticəsində idxal-ixrac əməliyyatları zamanı iş adamlarının indiyədək rastlaşdıqları bəzi neqativ halların aradan qaldırılacağına əmin olduğunu bildirmişdir. O, müqayisə üçün nəzərə çatdırmışdır ki, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınmasında da «bir pəncərə» prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətləri Vergilər Nazirliyinə həvalə edildikdən sonra, bu sahədə hüquqi və fiziki şəxslərin qeydiyyatında 40-45 faiz artım müşahidə olunmuşdur. «Bir pəncərə» prinsipinin tətbiqinin dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında da bürokratik əngəlləri aradan götürəcəyini, bu sahədə şəffaflığın təmin olunacağını söyləyən Konfederasiyanın rəhbəri onu da təklif etmişdir ki, yeni sistemin tətbiqində çalışacaq gömrük işçilərinin konkret məsuliyyət dərəcəsi müəyyənləşdirilməli və ümumiyyətlə, bu işə sağlam düşüncəli kadrlar cəlb olunmalıdır. Ələkbər Məmmədov «bir pəncərə» prinsipinin tətbiqindən sonra gömrük işçiləri və sahibkarların birgə əməkdaşlığı şəraitində yerlərdə monitorinqlər keçirilməsinin, bu sahədə aşkar ediləcək hər hansı problemin həlli istiqamətində birgə çalışmağın məqsədəuyğunluğunu da nəzərə çatdırmışdır. TRASECA hökumətlərarası daimi komissiyasında Azərbaycandan olan milli katib Akif Mustafayev isə bildirmişdir ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqini vaxtilə bu qurumla Dövlət Gömrük Komitəsinin əməkdaşlığı çərçivəsində də həyata keçirmək nəzərdə tutulmuşdu. Dövlət sərhədində çoxsaylı yoxlamaların sahibkarlıq subyektlərində həmişə narazılıq yaratdığını, lakin o zaman «bir pəncərə» sisteminin tətbiqinin bir xəyal olduğunu vurğulayan Akif Mustafayev hazırda isə bu layihənin reallaşmasından həm təmsil etdiyi qurumun, həm də sahibkarların məmnun olduqlarını ifadə etmişdir. A.Mustafayev də təklif etmişdir ki, yeni sistemin tətbiqi ilə əlaqədar yerlərdə gömrük əməkdaşları və sahibkarlar arasında vaxtaşırı görüşlər və hər iki tərəfin maarifləndirilməsinə xidmət edən müvafiq treninqlər keçirilsin. Sonda yekun sözü ilə çıxış edən DGK sədri Aydın Əliyev tədbir iştirakçılarını əmin etmişdir ki, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi məhz qeyd edilən problemləri aradan götürmək, bu sahədə şəffaflığı təmin etmək məqsədilə həyata keçirilir və yaxın zamanlarda ictimaiyyət sözügedən sahədə böyük dəyişikliklərin şahidi olacaq. Komitə sədri onu da diqqətə çatdırmışdır ki, gömrük xidməti üzrə yerlərdə fəaliyyət göstərən «qaynar xətt» yeni sistemin tətbiqi ilə əlaqədar daha intensiv iş rejimində çalışacaq və hər hansı neqativ halla bağlı daxil olan məlumatlar yerindəcə araşdırılıb, barəsində tədbirlər görüləcəkdir. Aydın Əliyev mərasimdə söylənilən rəy və təkliflərin nəzərə alınacağını və Dövlət Gömrük Komitəsi rəhbərliyinin sahibkarlarla bundan sonra da sıx əməkdaşlıq şəraitində işləməyə hazır olduğunu vurğulamışdır.




    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2014, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az